Thursday, July 9, 2020

Vıqotski nəzəriyyəsi

L. S. Vıqotskinin “təlim həmişə inkişafından irəlidə gedir və onu da öz arxasınca aparır” müddəasına əsaslanan rus psixoloqları inkişafetdirici təlimin mahiyyətini açmağa çalışmışlar. Burada uşaqların mənimsəmə inkişafının aşkara çıxarılması mühüm yer tutur. Bir məsələ ilə əlaqədar belə bir cəhəti qeyd etmək lazım gəlir ki, psixikanın ontogenezdə inkişafı keyfiyyətcə bir mərhələdən digərinə keçidlərin məcmuyu kimi başa düşülür. Uşağın inkişafının ayrı-ayrı mərhələlərində psixikanın bu və ya digər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Bu şəraitlərdən bəzisi müvəqqəti, keçici xarakter daşıyır. Psixi fəaliyyətin ayrı-ayrı dövrlərinin olması və güclənməsi üçün optimal vaxt mövcuddur. Belə yaş dövrləri senzitiv dövrlər adlanır. Məsələn, nitqin inkişafı üçün bir yaşdan 5 yaşa qədərki dövr, riyazi qabiliyyətlərin formalaşması üçün 15-20 yaş senzitiv dövr hesab olunur. Senzitiv dövrlərdən bəhs edən L. S. Vıqotski yazırdı: “Bu dövrdə hissi həssaslıq inkişafda dərin dəyişikliklər əmələ gətirərək onun bütün gedişinə müəyyən təsir göstərir. Başqa vaxtlarda həmin şərtlər özü tamamilə neytral ola, ya da inkişafın gedişinə əks təsir göstərə bilər. Senzitiv dövrlər bizim təlimin optimal müddətləri adlandırdığımız anlarla tam uyğun gəlir.” L.S. Vıqotski və onun əməkdaşları təlimlə əlaqədar iki əqli inkişaf səviyyəsini müəyyən etmişlər. Birinci çox fəal inkişaf səviyyəsidir ki, burada şagird gündəlik dərsləri, verilən tapşırıqları müstəqil surətdə yerinə yetirir, özü dərsə aid misallar çəkir, müəllimin şərh etmədiyi bəzi cəhətləri izah etməyə təşəbbüs göstərir və nəhayət, onda əqli inkişaf sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan, özü həll edə biləcək səviyyəyə çatır. L.S.Vıqotski bunu fəal inkişaf səviyyəsi adlandırmışdır. Əqli inkişafın ikinci səviyyəsində uşaq bir növ yaşlıların köməyilə daha yüksək nailiyyət əldə edə bilir. L. S. Vıqotski bu inkişaf səviyyəsini “inkişafın yaxın zonası” adlandırmışdır. L.S. Vıqotski bu münasibətlə yazırdı:“Uşaq nəyi ki, yaşlının köməyilə etmək iqtidarındadır, bu, onun yaxın inkişaf zonasını göstərir. Uşağın əqli inkişaf vəziyyəti onun iki inkişaf səviyyəsinin - fəal inkişaf və yaxın inkişaf zonası səviyyələrinin köməyi ilə müəyyənləşdirilə bilər.”

No comments:

Post a Comment

Cədvəl tərtib etmə və canlı dərs