Dərslikləri kurikulumların tələblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilir.
Bunların sırasında aşağıdakılar vardır.
1. Düzgünlük. Bu prinsip dərsliyi qeyri-ciddi faktorlardan uzaqlaşdırır, inandırıcı, stimullaşdırıcı mənbəyə çevirir:
- təlim standartlarına uyğunluq;
- faktorların dəqiqliyi;
- orfoqrafiya, durğu işarələri, qramatik qaydaların gözlənilməsi;
- mübahisəli faktorların olmaması.
2. Əyanilik. Dərslikləri baxımlı etmək, onu şagirdin ən yaxın müsahibinə, eləcə də stimullaşdırıcı vasitəyə çevirmək üçün əyaniliyə mühüm didaktik prinsip kimi müraciət olunur.
- şəkillər, fotolar;
- illüstrasiyalar;
- sxemlər;
- cədvəllər;
- xəritələr;
- qrafiklər
3. Müasirlik. Dərsliyin ən mühüm atributlarından biri onun yeniliyi, müasirliyidir. Dövrün, zamanın tələb və ehtiyaclarını özündə əks etdirməsi, şagirdlər də yenilik əhval ruhiyyəsi yarada bilməsidir.
- sosial-iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması;
- elmin özündəki inkişafın nəzərə alınması;
- təlim materiallarının müasir dünyagörüşü formalaşdırmasına istiqamətlənməsi.
4. Tamlıq. Tədris vasitələrindən biri kimi dərsliyin bütövlüyü, tamlığı onun məzmununda aşağıdakı müəyyən komponentlərin olmasını tələb edir:
- nəzəri materiallar;
- praktik materiallar;
- təsviri materiallar;
- qiymətləndirmə materialları.
5. Ardıcıllıq. Dərsliklərin məzmunundakı materialların sıralanmasında ardıcıllıq mühüm prinsiplərdən biri kimi gözlənilir. Bu zaman ardıcıllığın aşağıdakı parametrləri əsas götürülür:
- psixoloji baxımdan;
- məzmun baxımından;
- təqvim-tematik baxımdan;
- məntiqi baxımdan.
6. Yaş səviyyəsinə uyğunluq. Dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanmalıdır. Bu zaman iki əsas tələb diqqət
mərkəzində saxlanılmalıdır: a) dizayn; b) təlim materiallarının məzmunu, həcmi, maraqlılığı.
7. Təlim vaxtına uyğunluq. Təlim materiallarının miqdarı və ağırlıq çəkisi müəyyənləşdirilərkən ayrılan vaxt nəzərə alınır. Bu zaman nəzəri və praktik materialların balansının gözlənilməsi, standartların reallaşdırılmasına yönəldilməsi zəruri hesab edilir.
8. Oxunaqlıq. Oxunaqlığın nəzərə alınması üçün ilkin olaraq, məzmun materiallarının maraqlı olması vacib hesab edilir.
9. İnklüzivlik. Bu prinsip əsasında yazılmış dərslik özünün əhatəliliyinə görə seçilməlidir. Təlim prosesində yalnız bir səviyyəni deyil, müxtəlif səviyyələri ehtiva etməlidir. Həm
istedadlı, həm də müəyyən səbəblərdən geridə qalan şagirdlərin təlim maraqlarını ödəyə bilməlidir.
10. Fəal təlim üçün şəraitin yaradılması. Fəal təlim müasir təhsil prosesinin əsas atributlarından hesab edilir. Onun qurulmasında bir çox amillərlə yanaşı, dərslik də həlledici rol oynayır. Nəticəyönümlü kurikulumlar məhz belə dərsliklərin hazırlanmasını tələb edir
11. Gigiyenik tələblərə uyğunluq. Dərsliklər həm də gigiyenik tələblərə cavab verməli, ona uyğun hazırlanmalıdır. Bu zaman Azərbaycan Hökuməti ilə razılaşdırılmış “Ümumtəhsil sistemində dərslik siyasəti” və Təhsil Nazirliyinin qəbul etdiyi “Dərsliklərin texniki və gigiyenik standartları” adlı normativ sənədlərə istinad olunmalıdır...
No comments:
Post a Comment