Son zamanlardır bu anlayış geniş yayılıb və müəllimlər tərəfindən tam anlaşılmayan bir terminə çevrilib. Gəlin görək kompetensiya nədir.
“Kompetensiya” sözü latın mənşəli söz olub (yaranma tarixi təqribən 1585-1595-ci illər) mənası – şəxsə işdə və ya situasiyada effektiv davranmaq imkanı verən qabiliyyət, öhdəlik, bilik və bacarıqlar qrupu anlamına gəlir.
Bu söz "yarışmaq bacarığı" kimi də tərcümə olunur.
Bilirik ki, ənənəvi təhsil sistemindən yeni təhsil sisteminə keçid müəyyən tələbat və zərurətlərdən doğmuşdur. Təbii ki, biz ənənəvi üsulu pisləmirik, onun əhəmiyyətini çox gözəl bilirik, lakin cəmiyyətdə baş verən bir sıra dəyişikliklər təhsil sistemində də dəyişiklik yaranmasının zəruri olduğunu aşkarladı. Məsələn:
1. Tez-tez dəyişən həyat şəraiti
2. Vaxt çatışmazlığı, problemlərin artması
3. İnformasiya bolluğu
4. Elm və texnikanın sürətli inkişafı
5. İqtisadi mexanizmlərin inkişafı
6. Hər sahədə inteqrasiya (qloballaşma)
7. Demokratik dəyərlərin dəstəklənməsi və eyni zamanda insan hüquqlarının pozulması
8. Şəxsiyyət azadlığı
9. Təbəqələşmə
10. İnsanlar arasında yadlaşmanın dərinləşməsi
11. Virtual ünsiyyətin yayılması
12. Ömrü boyu oxumaq ehtiyacının yaranması
13. Uşaqların ümumi inkişaf səviyyəsinin artması
14. Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
15. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
16. Dünya təhsil sisteminə inteqrasiya
Artıq bizim təkcə "bilik" əldə etməyimiz hər şey demək deyildi. Biz bu zərurətləri nəzərə alıb, biliklə bərabər müəyyən bacarıqlara, vərdişlərə, dəyərlərə, keyfiyyətlərə yiyələnməliydik ki, bu sadaladıqlarımızın öhdəsindən gələ bilək.
Yəni biliklər+bacarıqlar+dəyərlər+vərdişlər+keyfiyyətlər=kompetensiya anlayışında cəmlənmişdir.
Daha aydın izah:
Deyək ki, müasir dövr kompüter əsridirsə, şagird mütləq kompüter bacarıqlarına yiyələnməlidir
Hər hansı bir fəaliyyəti səmərəli icra etmək istəyirəmsə mənim biliyim ona kifayət etmir, eyni zamanda bəzi dəyərlərə, bacarıqlara, keyfiyyətlərə, vərdişlərə malik olmalıyam.
Mükəmməl şəxsiyyətə malik şagirddə bu kompetensiyaya daxil olan bütün şeylər cəmləşmişdir. Şagird artıq qərar qəbul etməkdə, hər hansı bir problem həll etməkdə, nəyisə tənqid etməkdə, təhlil etməkdə və s. çətinlik çəkməyəcək.
Hər bir elm sahəsinin özünəməxsus kompetensiyaları, yəni bilikləri, bacarıqları, vərdişləri, keyfiyyət və dəyərləri vardır.
Daha bir izah:
kompetensiya=bilik+bacarıq+vərdiş+keyfiyyətlər+dəyərlər.
Yəni, hər hansı bir mövzu haqqında deyək ki, məlumatımız var, artıq o biliyi bacarığımızda göstəririk, bacarıqları o qədər təkrarlayır, tətbiq edirik ki, artıq vərdişə çevrilir.
Nümunə:
Biologiya fənnində ağacların necə calaq olunması və neçə cür calaq forması var onu öyrənirik. Bu olur bilik.
Sonra bildiyimizi tətbiq edirik. Olur bacarıq. Yəni, calaq necə olunur öyrənmişəm, artıq bacarığımı nümayiş etdirirəm.
Sonra bu bacarığı dəfələrlə təkrarlayıram və bu artıq nəyə çevrilir? Təbii ki, vərdişə. Çünki insan bir şeyi nə qədər çox edərsə, vərdiş etmiş olar
Bu vərdişləri o qədər təkrarlayacağıq ki, artıq biz mükəmməl bir ağac calaq edə biləcəyik və keyfiyyətli bir iş ortaya qoyacağıq.
Artıq ortaya qoyduğum keyfiyyətli iş dəyərləndiriləcək. Qiymət veriləcək ona.
No comments:
Post a Comment